1. Sual: Daimiləşmə müsabiqəsi nə vaxt keçiriləcək?

Cavab: Müsabiqə cari ilin mart-aprel ayları ərzində həyata keçiriləcək.

2. Sual: Müsabiqə hansı mərhələlərdən ibarətdir?

Cavab: Müsabiqə elektron ərizələrin qəbulu, yoxlanılması və müsahibə mərhələlərindən ibarətdir.

3. Sual: Müsabiqədə iştirak etmək üçün hansı tələblər qoyulub?

Cavab: Daimiləşmə müsabiqəsində cari tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsil almış, 31 yanvar 2022-ci ilədək müvafiq vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş şəxslər iştirak edə bilərlər.

4. Sual: Müsabiqə onlayn, ya ənənəvi formatda keçiriləcək?

Cavab: Cari tədris ili üzrə daimiləşmə müsabiqəsi ənənəvi formatda həyata keçiriləcək.

5. Sual: Müsabiqədə iştirak etmək üçün nə etməliyəm?

Cavab: Müsabiqədə iştirak etmək istəyən namizədlər 1-7 mart tarixlərində miq.edu.az/muqavile saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

6. Sual: Elektron qeydiyyatı tamamlamaq üçün son tarix nə zamandır?

Cavab: Namizədlər 7 mart saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

7. Sual: Müsabiqədə iştirak etmək üçün tələb olunan keçid balı nə qədərdir?

Cavab: Müsabiqədə bütün fənlər üzrə keçid balı 30 bal olaraq müəyyənləşdirilmişdir.

8. Sual: Müsahibə mərhələsində kimlər iştirak edəcək?

Cavab: Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş şəxslər müsahibədə iştirak etmək hüququna malik olacaqlar.

9. Sual: Müsabiqə zamanı ikinci iş yerinə müddətli müqavilə əsasında qəbul olmuşam. Bu il ikinci iş yerinə daimiləşmək imkanı veriləcəkmi?

Cavab: Müsabiqə şərtlərini ödəyən bütün namizədlərin daimiləşməsi təmin olunacaq.

10. Sual: Elektron ərizələrin yoxlanılmasının nəticələri və müsahibə mərhələsinin tarixi barədə məlumatı necə əldə edəcəyəm?

Cavab: Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

11. Sual: Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?

Cavab: Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.

12. Sual: Müsahibə proqramları ilə tanış olmaq mümkündürmü?

Cavab: Müsahibə proqramları tezliklə miq.edu.az/muqavile saytında yerləşdiriləcək.