1.Müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu prosesi necə həyata keçirilir?

- Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə 3 mərhələdən ibarətdir: elektron ərizə qəbulu, elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə mərhələsi

2. Müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilər?

• orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış,
• tələb olunan keçid balını toplamış,
• İnsan resursları mərkəzi tərəfindən müddətli müqavilə ilə işə qəbul edilmiş və vakant olan dərs saatlarını tədris edən Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər iştirak edə bilər.

3. Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?

- Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçməlidirlər.

4. Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?

- Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibəyə çağrılan namizədlərə ixtisası üzrə bir mövzu təqdim olunur. Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər. Bu zaman dərsin icmalı tələb olunmur. Müsahibə mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq təqdim olunacaq mövzular öncədən elan olunur və internet səhifəsində yerləşdirilir.

5. Müsahibə mərhələsində iştirak edəcək namizədlərdən hansı sənədlər tələb olunur?

- Namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı, təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim etməlidirlər.

6. Hər hansı səbəbdən müsahibədə iştirak edə bilməyən namizədlər üçün təkrar müsahibə nəzərdə tutulurmu?

- Göstərilən vaxtda müsahibədə iştirak etməyən namizədlər üçün təkrar müsahibə keçirilmir.

7. Müsabiqənin yekun nəticələri nə zaman elan olunacaqdır?

- Müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən müddətsiz əsaslarla işləməsinə razılıq verilmiş müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdiriləcək, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndəriləcəkdir.