1. Müəllimlərin işə qəbulu prosesi necə həyata keçirilir?

- Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi

2. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?

- Bu müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş əcnəbilər iştirak edə bilər.

3. Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?

- Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçməlidirlər.

4. Şəxsiyyət vəsiqəsinin fin kodu dedikdə nə nəzərdə tutulur?

- Şəxsiyyət vəsiqəsinin fin kodu vəsiqənin fotoşəkil olan üzündə yerləşir, 7 simvoldan ibarətdir. Fin kodu vəsiqənin axırıncı sətirində çap edilmiş son səkkiz simvolun ilk yeddisi təşkil edir.

5. Miq.edu.az saytından qeydiyyatdan keçərkən nəyə xüsusi diqqət yetirmək lazımdır?

- Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etdikdən sonra səhifədə iş nömrəsi görünəcəkdir. Namizəd həmin iş nömrəsini yadda saxlamalıdır. Daha sonra yenidən şəxsi səhifəyə daxil olmaq üçün həmin iş nömrəsi tələb ediləcəkdir.

6. Namizəd iş nömrəsini unudarsa, elektron ərizəsi ilə bağlı məlumatı necə əldə edə bilər?

- Bu zaman namizəd miq.edu.az saytında “əsas” bölməsindən “iş nömrəsinin bərpası” alt-bölməsini seçərək şəxsiyyət vəsiqəsinin fin kodu və doğum tarixini qeyd edərək iş nömrəsini əldə edə bilər.

7. Bu il ali və ya orta ixtisas təhsili müəssisələrindən məzun olacaq namizədlər müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərmi?

- Bəli, iştirak edə bilərlər. Bunun üçün həmin namizədlər dövlət attestasiya imtahanından uğurla keçdiklərini təsdiq edən arayışı və onun nömrəsini elektron ərizələrində qeyd etməlidirlər.

8. Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul necə həyata keçirilir?

- Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.

9. Test imtahanı necə təşkil olunur?

- Test imtahanında hər bir namizədə onun ixtisası üzrə ümumtəhsil məktəblərinin fənn proqramlarına, tədris metodikası və təlim strategiyalarına, məntiqə aid suallar təqdim edilir. İmtahanın müddəti, sualların sayı və müvafiq keçid balı Nazirlik tərəfindən müəyyənləşdirilir.

10. Vakant yerlər barədə məlumat nə vaxt elan ediləcəkdir?

- Vakant yerlər barədə məlumat müsabiqənin üçüncü mərhələsində (avqust ayında) elan ediləcəkdir.

11. Müəllimlərin işə qəbulu zamanı namizədlər vakant yerləri nə zaman seçirlər?

- Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Hər hansı ixtisas üzrə bir vakant yerə iki və daha artıq eyni bal toplamış namizəd olduqda, namizədin elektron ərizəsindəki göstəricilər araşdırılmaqla müvafiq qərar qəbul edilir.

12. Hazırda müəllim işləyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlərmi?

- Hazırda müəllim işləyən şəxslərin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakına məhdudiyyət yoxdur.

13. Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələr müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınacaqmı?

- Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.

14. Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?

- Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibəyə çağrılan namizədlərə proqram təminatı tərəfindən təsadüfi seçim əsasında ixtisası üzrə bir mövzu təqdim olunur. Namizədlər həmin mövzunu müsahibə komissiyasına dərs formatında təqdim edirlər. Namizədlərin cavabları elektron qaydada qiymətləndirilir və protokollaşdırılır. Müsahibə mərhələsində namizədlərə ixtisaslarına uyğun olaraq təqdim olunacaq mövzular öncədən elan olunur və internet səhifəsində yerləşdirilir.

15. İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı balın növbəti işə qəbul müsabiqələrində rolu varmı?

- İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 (iki) təqvim ili qüvvədədir və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir. Ötən il müəllimlərin işə qəbulu müsabiqəsində müvafiq keçid balını toplamış namizədlər elektron ərizələri araşdırıldıqdan sonra birbaşa vakansiya seçimində iştirak edə bilərlər.

16. Müsahibə mərhələsində iştirak edəcək namizədlərdən hansı sənədlər tələb olunur?

- Sözügedən namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı, təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim etməlidirlər.

17. Hər hansı səbəbdən test imtahanı və ya müsahibədə iştirak edə bilməyən namizədlər üçün təkrar imtahan nəzərdə tutulurmu?

- Göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyən namizədlər üçün təkrar imtahan və ya müsahibə keçirilmir.

18. Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə işə qəbul necə həyata keçirilir?

- Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir.

19. Müsabiqənin yekun nəticələri nə zaman elan olunacaqdır?

- Müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdiriləcək, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndəriləcəkdir.

20. Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə baxılacaqmı?

- Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra tərkibi Təhsil Nazirliyi tərəfindən formalaşdırılan Apellyasiya komissiyası tərəfindən bir həftə ərzində baxılacaqdır.

21. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu necə həyata keçiriləcək?

-2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək.

22. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda iştirak etmək üçün namizədlər nə etməlidirlər?

-Cari ilin 8-9 sentyabr tarixlərində müddətli müqavilə ilə müəllimlərin işə qəbuluna elektron sənəd qəbulu keçiriləcək. Builki müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmiş namizədlər cari elektron ərizələrində, ötənilki müəllimlərin işə qəbulu müsabiqəsində iştirak etmiş namizədlər isə miq.edu.az saytı vasitəsilə yenidən qeydiyyatdan keçərək vakant yer seçdikdən sonra elektron ərizələrini təsdiq etməlidirlər.

23. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunda kimlər iştirak edə bilər?

-Müddətli müqavilə ilə müəlllimlərin işə qəbulu prosesində bu il və ötən il keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqəsinə qatılmış namizədlər müvafiq imtahan balı ilə iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə iştirak edərək elektron ərizəsində vakansiya seçimi etməyən, vakansiya seçib ərizəsini təsdiqləməyən, vakansiya seçimi zamanı uğur qazanmayan, vakant yer tutub müsahibəyə gəlməyən, müsahibədə uğur qazanmayan, müsahibədə uğur qazanıb 28 avqust (I tur) və 4 sentyabr (II tur) tarixinədək tutduğu vakant yerdən imtina etdiyi barədə ərizə ilə İnsan Resursları Mərkəzinə müraciət edən şəxslər iştirak edə bilərlər.

24. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu prosesinə hansı vakant yerlər veriləcək?

-Müəllimlərin işə qəbulu üzrə builki müsabiqədə vakant yer kimi verilmiş, lakin boş qalmış yerlər, yeni yaranan vakant yerlər, sosial məzuniyyətlə əlaqədar yaranmış vakant yerlərə müddətli müqavilə ilə müəllimlər işə qəbul ediləcək. Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif vakansiyalarına müddətli müqavilə ilə müəllimlərin işə qəbulu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

25. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər neçə vakant yer seçə bilərlər?

-Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər iki vakant yer seçə biləcəklər.

26. Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı keçid bal nə qədərdir?

-Müddətli müqavilə ilə işə qəbul zamanı həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə isə musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə 42, digər fənlər üzrə 48 bal müəyyən edilmişdir.

27. Müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi həyata keçiriləcək?

-Hər il müddətli müqavilə ilə işləyən müəllimlərin daimiləşməsi məqsədilə müddətli müqavilə ilə işləyən müəlllimlərin müddətsiz müqavilə ilə işə götürülməsi müsahibələri keçirilir. Müddətli müqavilə ilə işləyən müəllimlər sözügedən müsahibələrdə uğur qazanaraq daimiləşə bilərlər.